• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Elanlar

Ölkə Əlaqələndirmə Komissiyasının üzvlüyünün yenilənməsi haqqında elan


Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası (ÖƏK) İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2004 tarixli 17/5540-11 saylı razılığı əsasında təsis edilmişdir. ÖƏK milli məşvərətçi orqan statusuna malikdir, hüquqi və fiziki şəxslərin könüllülük prinsipi əsasında qurulmuş, İİV/QİÇS və Vərəm ilə mübarizə sahəsində əməkdaşlığı təmsil edir. ÖƏK-in məqsədi Azərbaycanda İİV/QİÇS və Vərəm ilə mübarizə istiqamətində Qlobal Fondun maliyyə yardımı ilə həyata keçirilən tədbirlərin koordinasiyası və nəzarətinin gücləndirilməsinə yardım etməkdir.

Azərbaycan ərazisində qanuni şəkildə fəaliyyət göstərən hər hansı bir təşkilatın nümayəndəsi, vətəndaşlığından asılı olmayaraq ÖƏK üzvü ola bilər. ÖƏK üzvlüyü və iştirakı ödənişli deyil. Üzvlük bu və ya digər bir şəxsin İİV və vərəm ilə mübarizəyə könüllü şəkildə yardım göstərməsini ifadə edir. ÖƏK üzvləri yenidən seçilmək hüququna malik olmaqla 3 il müddətinə seçilirlər/səlahiyyətlər verilir.

ÖƏK-in cari üzvlüyünə dövlət və qeyri-hökümət sektorunun nümayəndələri - nazirliklər, dövlət müəssisələri, beynəlxalq və yerli qeyri-hökümət təşkilatları, xəstəlikdən əziyyət çəkmiş/xəstəliklə yaşayan şəxslərin icması, özəl sektor nümayəndələri, eyni zamanda BMT agentlikləri, ikitərəfli və çoxtərəfli beynəlxalq təşkilatlar daxildir. Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyi növbəti 3 il müddəti üçün (noyabr 2023 – oktyabr 2026) üzvlərin seçilməsi prosesinə başlamışdır. 

Dövlət sektoru öz nümayəndələrini rəsmi müraciət əsasında ÖƏK üzvlüyünə təqdim edir.

Qeyri-hökümət sektoru nümayəndələri üçün isə ÖƏK üzvlüyünə müraciət ilə bağlı ÖƏK Katibliyi tərəfindən elan verilir. 

ÖƏK Əsasnaməsinə əsasən, qeyri-hökumət sektorunu təmsil edən aşağıda qeyd olunan müxtəlif maraqlı təşkilatlar ÖƏK-ə üzv olmaq üçün elan çərçivəsində müraciət edə bilərlər:

      • İİV-lə yaşayan və ya vərəmdən əziyyət çəkmiş şəxslərin icma qurumları;
      • Qadınlar, gənclər, IIV və Vərəm üzrə risk qruplarının (İNİ, SBİ, KSK və digər qruplar) maraqlarını təmsil edən və bu istiqamətdə profilaktik fəaliyyətlər həyata keçirən qeyri-hökumət təşkilatları;
      • Dini qurumlar;
      • Peşə ittifaqları və ictimai birliklər;
      • Akademik assosiasiyalar və birliklər;
      • Özəl sektor nümayəndələri;
      • İİV/QİÇS, vərəm və malyariya infeksiyaları ilə mübarizədə və digər səhiyyə sahələrində texniki yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatları.

 

Qeyri-hökumət sektorundan olan ÖƏK üzvləri özlərinin və öz təşkilatlarının maraqlarını deyil, onları seçən sektorların maraqlarını təmsil edirlər. Bu səbəbdən, qeyri-hökümət sektorunu təmsil edəcək hər bir ÖƏK üzvü sektordaxili qaydalar əsasında hazırlanmış şəffaf və sənədləşmiş prosesə əsasən həmin sektor nümayəndələri tərəfindən seçilməlidir.                         

Seçkilərdə iştirak etmək niyyəti olan hər bir QHT aşağıdakı sənədləri ÖƏK Katibliyinə bağlı konvertdə aşağıda qeyd olunan ünvana cari ilin oktyabr ayının 27-i iş gününün sonuna kimi təqdim etməlidir.

  1. QHT-nin Ədliyyə Nazirliyi tərəfindən verilmiş rəsmi qeydiyyat şəhadətnaməsinin nüsxəsi 
  2. Ərizəçinin hər hansı bir sektor və ya şəbəkəni təmsil etdiyini sübut edən memorandum
  3. Üzvlüyə müraciətlə bağlı sektor və ya şəbəkənin qərarının əks olunduğu iclasın protokolu 
  4. Niyyət məktubu (təşkilatın fəaliyyətini, vəzifə öhdəliklərinə və tələblərə uyğunluğunu əks olunmaqla)
  5. Təşkilat adından üzv və əvəzedici üzv (ad, soyad, vəzifə, əlaqə məlumatları (e-mail, tel) təqdim edilməlidir. Belə ki, hər bir ÖƏK üzvü iclaslarda iştirak edə bilmədiyi təqdirdə, onu əvəz edəcək əvəzedici üzvə malik olmalıdır. ÖƏK Əsasnaməsinə əsasən, əvəzedici üzv üzvlə bərabər eyni vəzifə və öhdəliklərə sahib olur.  

 

Digər özəl sektor nümayəndələri isə rəsmi niyyət məktublu ilə ÖƏK-ə üzv olmaq üçün aşağıdakı ünvana müraciət edə bilər.

Ünvan:  AZ 1005, Bakı ş.  T.Əliyarbəyov küç. 3, ikinci mərtəbə, ÖƏK Katibliyi (Qlobal Fond, Musiqili Komediya Teatrının yanı)  Tel: +99412 493 26 94 

Qeyd! Sənədlər gündəlik olaraq saat 10:00 – 17:00-a kimi qəbul olunur. 

Son müraciət tarixi – 27 oktyabr 2023-cü ildir.