• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı

Vərəm


Vərəm

Vərəm dünyada ən çox ölümlə nəticələnən infeksion xəstəlikdir. 2018-ci ildə vərəm 251 mini İİV daşıyıcısı olan 1,45 milyon nəfərin ölümünə səbəb olmaqla, dünya üzrə ölüm hallarının ən əsas 10 səbəbindən biri olmuşdur.

Vərəm bir şəxsdən digərinə öskürək və asqırıq yolu ilə keçir. Aktiv və müalicə olunmayan vərəm xəstəliyi olan bir şəxs bir ildə 15-ə qədər digər şəxsi yoluxdura bilər. Bu fakt aşkarlanmamış hadisələrin, yəni hazırda diaqnoz qoyulmamış, müalicə olunmamış və ya qeydə alınmamış şəxslərin üzə çıxarılması səylərinin aktuallığını daha da artırır. Hər il təxminən 10 milyon yeni vərəm hadisəsinin baş verdiyini nəzərə alaraq, biz bu istiqamətdə işləri sürətləndirməliyik.

Hər il aktiv vərəm daşıyıcısı olan şəxslərin təxminən 30%-i aşkarlanmamış qalır. Nə qədər ki, milyonlarla insan xəstə olduğu halda müalicə almadan yaşayır və infeksiyanı başqalarına keçirir, dünya bir epidemiya kimi vərəmə son qoya bilməyəcək. Məhz buna görə Qlobal Fond aşkarlanmamış vərəm hadisələrinin tapılmasına əngəl olan maneələri aradan qaldıran proqramlara dəstək verir və ən uğurlu alət və strategiyaları genişləndirir. Bu, digər addımlarla yanaşı tibbi müayinələr zamanı standart müayinələrin sırasına vərəmin skrininq müayinəsinin də əlavə edilməsini nəzərdə tutur.

Vərəmin skrininq müayinəsinin standart hala salınması xəstəliklə bağlı stiqmanı azaltmağa kömək edə bilər. Stiqma ilə üzləşmək qorxusu çox vaxt insanların xəstəlik ağırlaşana qədər tibbi yardım üçün müraciət etməyi yubandırmasına səbəb olur. Bu insanların öz ətrafında olan şəxsləri yoluxdurmaq riski ilə yanaşı, xəstəlik irəliləmiş mərhələdə olanda müalicə daha uzun çəkir və daha az effektiv olur.

Çox vaxt tibbi xidmətə çıxışı olmayan şəxslər əsasən İİV, vərəm və malyariyaya məruz qalan şəxslər olur. Stiqma, ayrıseçkilik və cinayət məsuliyyətinə cəlb olunma kimi amillər bu şəxslərin səhiyyə xidmətlərinə çıxışının qarşısını alan maneələr arasındadır.

Bu maneələri aradan qaldırmaq üçün Qlobal Fondun tərəfdaşları xidmətləri bu hədəf qrupların spesifik ehtiyaclarına uyğunlaşdırır, eləcə də ayrıseçkiliyin kökündə dayanan əsas səbəblərin həllinə yönəlmiş proqramlara investisiya qoyur. Bunu etməyin ən yaxşı yolu həmin səhiyyə xidmətlərinin işlənib hazırlanması, tətbiqi və monitorinqi, eləcə də onlara təsir edən siyasi qərarlarının qəbulu prosesinə əsas hədəf qrupların cəlb olunmasıdır.​

Əsas hədəf qruplar kimlərdir?

Əsas hədəf qruplar sözügedən xəstəliklərin bir və ya bir neçəsinin güclü təsirinə məruz qalan və xidmətlərə çıxışı aşağı səviyyədə olan qruplardır. Geniş yayılmış stiqma və ayrıseçkilik, dövlət və qeyriləri tərəfindən zorakılıq və sıxışdırılma, məhdudlaşdırıcı qanun və siyasətlər, eləcə də müəyyən davranış və ya təcrübələrin cinayət hesab edilməsi əsas hədəf qrupları yüksək risk altında qoyur və onların xidmətlərə çıxışını zəiflədir.

Dərmana davamlı vərəm Vərəm əksər hallarda müalicə oluna və sağaldıla biləndir. Lakin standart vərəm müalicəsi altı aya qədər ürək bulanması, qusma və mədə ağrısına səbəb ola bilən dərmanların qəbulunu tələb edir. Müalicənin müddəti və yan təsirləri bəzi insanları ondan imtina etməyə vadar edir ki, bu da dərmanlara qarşı müqavimətin yaranmasına, yəni vərəm bakteriyalarının əsas vərəm dərmanlarından ən azı birinə davamlı olmasına gətirib çıxara bilir. 2018-ci ildə 500 minə yaxın insan dərmana davamlı vərəmə tutulmuş, onların yalnız təxminən 56%-i müalicəni uğurla başa çatdırmışdır.

Dərmana davamlı vərəm mikrob əleyhinə preparatlara davamlı superbakteriyaların yaratdığı böyük problemin bir hissəsidir. Bu super bakteriyalar mövcud dərmanlara reaksiya verməyərək müalicə variantlarının azalması və vərəm də daxil olmaqla adətən sağalması mümkün olan xəstəliklər üzrə ölüm göstəricisinin artması ilə nəticələnir. Qlobal inkişaf üzrə tərəfdaşlar bu mikrob əleyhinə preparatlara müqavimət təhlükəsinin böyüyərək bütün dünyada milyonlarla can almazdanəvvəl qarşısını almaq üçün cəld hərəkətə keçməlidirlər.

Vərəm və İİV Dünya əhalisinin təxminən dörddə bir hissəsində latent vərəm vardır, lakin yalnız 5-15%-də aktiv vərəm simptomları meydana çıxır. Normal qidalanmayan, diabet, İİV xəstəsi olan və ya tütündən istifadə edən insanlar kimi immun sistemi zəifləmiş şəxslərdə aktiv vərəmin yaranma riski daha yüksəkdir.

İİV və vərəm ölümcül kombinasiyadır, belə ki, yoluxmuş xəstələrdə bu xəstəliklər bir-birinin inkişafına təkan verir. Vərəm İİV-lə yaşayan şəxslərin əsas ölüm səbəbidir – İİV-lə yaşayan şəxslərin təxminən 40%-nin ölümü vərəmlə bağlı olur. İİV-müsbət şəxslərin aktiv vərəmə tutulmaq ehtimalı İİV-müsbət olmayanlarla müqayisədə 30 dəfəyə qədər yüksəkdir, buna görə də, İİV və vərəmlə bağlı xidmətlərin xüsusilə vərəm yükü yüksək olan ölkələrdə vahid halda birləşdirilməsi olduqca vacibdir. İİV-müsbət olan hər kəs vərəmlə bağlı müayinə olunmalı və nəzarətdə saxlanılmalıdır və vərəm diaqnozu qoyulmuş hər bir şəxs həmçinin İİV müayinəsindən keçməlidir.

Vərəmə qarşı cavab tədbirlərində irəliləyiş Qlobal Fond vərəmlə bağlı bütün beynəlxalq maliyyə dəstəyinin 69%-ni təmin edir və 2020-ci ilin yanvar ayına olan vəziyyətə görə, vərəm proqramları (o cümlədən vərəm-İİV proqramları) üzrə 9,5 milyard ABŞ dolları vəsait ayırmışdır. 2018-ci ildə Qlobal Fondun investisiya yatırdığı ölkələrdə 5,3 milyon vərəm xəstəsi müalicə olunmuşdur.

İİV-mənfi şəxslər arasında vərəmdən ölənlərin mütləq sayı 2000-ci illə 2018-ci il arasında 27% aşağı düşmüş (ən dəqiq təxminlərə görə, 2000-ci ildəki 1,7 milyon nəfərdən 2018-ci ildəki 1,2 milyon nəfərə), ölüm göstəricisi isə 42% azalmışdır. İİV-müsbət şəxslər arasında vərəmdən ölənlərin sayı 60%, ölüm göstəricisi isə 68% azalmışdır. ​

GeneXpert cihazı kimi diaqnostik vasitələrin işlənibhazırlanması multi-rezistent (çoxsaylı dərmanlara davamlı) vərəmə qarşı cavab tədbirlərinə əhəmiyyətli dərəcədə kömək etmişdir. Qlobal Fondun dəstək verdiyi ölkələrdə 2018-ci ildə vərəmin dərmana davamlı formaları ilə bağlı müalicə olunan şəxslərin sayı ötən onilliklə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 114 min nəfərdən çox olmuşdur. Eyni zamanda, yeni dərman vasitələri (xüsusilə multi-rezistent vərəmlə bağlı) də tətbiq olunur. Bu dərman vasitələri səhiyyə üzrə dövlət büdcələrinin və xəstələrin üzərinə düşən yükü azaltmaq potensialına malikdir, lakin elmi-tədqiqat işləri sahəsində bu baxımdan irəliləyiş yüksək deyildir.