• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

Qlobal Fondun ölkə komandası ilə Vərəm əleyhinə QHT Koalisiyasının görüşü


9 fevral 2023-cü il tarixində Hayat oteldə Qlobal Fondun ölkə komandası ilə Vərəm əleyhinə QHT Koalisiyasının görüşü keçirilib. 

Görüşü açılış nitqi ilə açan Qlobal Fondun Portfolio meneceri xanım Olqa Avdeyeva iclas iştirakçılarını salamladı və missiyada iştirak edən digər Qlobal Fond nümayəndələrini auditoriyaya təqdim etdi. 

Daha sonra Qlobal Fondun bundan sonrakı 3 il ərzində də Azərbaycan Respublikasına İİV/QİÇS və vərəmlə mübarizə sahəsində maliyyə yardımının olması barədə bildirdi. O, qeyd etdi ki, Qlobal Fond daha yenilikçi, innovativ ideyaların olmasına üstünlük verəcəkdir. Dərman preparatlarının satın alınması hər zaman olduğu kimi, yenə də prioritet istiqamət olacaqdır. Laboratoriya sisteminin qurulması üçün Milli Vərəm proqramı tərəfindən sifariş olunacaq yeni avadanlıqlar və reagentlərin satın alınması da Azərbaycan dövlətinə vərəmlə mübarizə sahəsində ediləcək əsas yardımlardandır. 

Avdeyeva qeyd etdi ki, qeyri-hökumət təşkilatlarının vərəmlə mübarizədə rolu çox böyükdür və növbəti illərdə də onların dəstəyi və köməyinə böyük ehtiyac olacaqdır. Bu səbəbdən yeni layihə təklifinin yazılması üzrə işçi qrupda QHT-lərin təmsil olunması, onların əsas xidmətlərinin maliyyə ilə təmin edilməsi çox vacibdir. 

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-in sədri Ziba Nəbiyeva vurğuladı ki, Vərəm əleyhinə QHT Koalisiya son dövrlərdə ölkədə vərəmlə bağlı advokasiya işində fəallıq göstərir. O, təklif etdi ki, viruslu hepatitlərlə mübarizə üzrə də Qlobal Fond QHT-lərə maliyyə yardımı ayırsın, təşkilat olaraq bu sahədə xeyli işlər görmüşlər. Avdeyeva qeyd etdi ki, HBV və HCV aşkarlanmasını təşkil etmək üçün ekspres testlərin satın alınmasında ölkəyə dəstək olunur, bu istiqamətdə maarifləndirmənin aparılması üçün də maliyyə ayrıla bilər. 

Vərəmli xəstələrin üzləşdiyi sosial problemlər barədə də məlumat verildi və bildirildi ki, sosial problemləri olan xəstələrin müalicəyə sadiqliyi aşağı səviyyədədir. Bu baxımdan onların müalicə müddəti ərzində hər hansı həvəsləndiricilərlə (ərzaq və ya digər) təmin edilməsinə böyük ehtiyac var. Müalicədən yayınan pasiyentlərə psixoloji dəstəyin təmin edilməsi çox vacibdir. Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı yeni qrant layihəsi çərçivəsində QHT-lər tərəfindən təklif olunan fəaliyyətlər barədə təqdimatla çıxış etdi.  E.Muxtarlı QHT-lərin üzləşdiyi maliyyə sıxıntısı barədə məlumat verdi. 

İclas müzakirələrlə davam etdi.