• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

Ümumdünya Vərəmlə Mübarizə günü ilə əlaqədar konfrans keçirilmişdir


Martın 30-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ölkə Əlaqələndirmə Komissiyasının (CCM), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun və Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə əvvəlcə “Stop TB Partnership” təşkilatının icraçı direktoru xanım Luçika Ditiunun konfrans iştirakçılarına ünvanladığı video-müraciət dinlənilib. Müraciətdə qeyd olunub ki, vərəm xəstəliyi hazırda dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir: “Hələ də hər gün 4000-4500 nəfər insan vərəmdən dünyasını dəyişir, onlardan 700-ü uşaqlardır. Vərəm hava yolu ilə ötürülən xəstəlikdir. Biz bütün səylərimizi birləşdirərək 2030-cu ilədək vərəmi tamamilə ləğv edə bilməsək də, ona son qoya bilərik, yoluxmanı dayandıra bilərik. Əminəm ki, Azərbaycan 2030-cu ilədək öz insan və maliyyə resurslarını səfərbər edərək vərəmə son qoymağı bacaracaq”. Konfransda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və konfransın işinə uğurlar arzu edib. Səhiyyə sahəsində ölkəmizin uğurlarını qeyd edən N.Zeynalov vurğuladı ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb. Öz çıxışında səhiyyə nazirinin müavini həmçinin ölkəmizin vərəmlə mübarizə sahəsində də vacib addımlar atıldığını və beynəlxalq platformalarda bir çox ölkələrə nümunə olduğunu qeyd etdi.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov bildirdi ki, ölkəmizdə həm dövlət, həm qeyri-dövlət təşkilatlarının birgə səyi nəticəsində vərəmlə mübarizədə son 10 il ərzində böyük uğurlar əldə olunub və Azərbaycan beynəlxalq əməkdaşlıq platformalarından uğurla istifadə etməkdədir.

Konfransda həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisi Rəfail Mehdiyev, millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Rəşad Mahmudov və Sədaqət Vəliyeva, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova və digərləri çıxış ediblər.