• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı

Haqqımızda


Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası

 

          Ölkə Əlaqələndirmə Komissiyası (ÖƏK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2004-cü il tarixli 17/5540-11 saylı razılığı əsasında təsis edilmişdir. ÖƏK milli məşvərətçi orqan statusuna malikdir və hüquqi və fiziki şəxslərin könüllülük prinsipi əsasında qurulmuş bir çox sahələr üzrə əməkdaşlığını təmsil edir. ÖƏK fəaliyyəti zamanı Azərbaycan Respublikasının qanunvericilik sistemini, Qlobal Fondun cari Əsasnaməsi və tövsiyələrini rəhbər tutur. ÖƏK-in Əsasnaməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.               

ÖƏK-in Məqsədi – Azərbaycanda İİV/QİÇS, Vərəm və Malyariyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinə, eyni zamanda Vaksin və İmmunlaşdırma üzrə QAVİ Alyansın dəstəyi ilə həyata keçirilən layihələrin koordinasiyası, monitorinqi, nəzarəti və lazımi digər müvafiq qərarların qəbul olunmasına yardım etməkdir.                                                                                             ÖƏK heyətinə dövlət və qeyri-hökumət sektorlarının nümayəndələri daxildir.

        Dövlət sektorundan İİV/QİÇS, vərəm və malyariya ilə mübarizəyə cəlb olunan mərkəzi və yerli icra orqanları, ixtisaslaşmış ali təhsil müəssisələri və digər maraqlı hökümət təşkilatları ÖƏK-ə üzv ola bilərlər.

       Qeyri-hökumət sektorundan isə müxtəlif maraqlı təşkilatlar ÖƏK-ə üzv ola bilərlər:

- İİV və vərəm ilə yaşayan şəxslərin icma qurumları;

- Qadınlar, gənclər, azlıqlar, zəif qrupların maraqlarını təmsil edən qeyri-hökümət təşkilatları (məsələn İİV/QİÇS və/ və ya vərəmə yoluxmuş və bu infeksiyadan zərər çəkmiş insanların təmsil olunduğu təşkilatlar və birliklər);

- Dini qurumlar;

- Peşə ittifaqları və ictimai birliklər;

- Akademik assosiasiyalar və birliklər;

- Özəl sektor nümayəndələri;

- İİV/QİÇS, vərəm və malyariya infeksiyaları ilə mübarizədə və digər səhiyyə sahələrində texniki yardım göstərən beynəlxalq qeyri-hökümət təşkilatları.

 Qeyri-hökümət sektorundan olan ÖƏK üzvləri özlərinin və öz təşkilatlarının maraqlarını deyil, onları seçən sektorların maraqlarını təmsil edirlər. Qeyri-hökümət sektorunun nümayəndələrinin sayı ÖƏK üzvlərinin ümumi sayının 40 faizindən az olmamalıdır.

Hal-hazırda, ÖƏK 30 üzvdən ibarətdir. Üzvlərin sayını ÖƏK özü təyin edir və bu say dəyişilə bilər. ÖƏK üzvlüyündə Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, ET Mamalıq və Ginekologiya İnstitutu, ET Ağciyər Xəstəlikləri İnstitutu, Respublika Narkoloji Mərkəzi, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, bir sıra yerli və beynəlxalq QHT-lər, özəl sektor, çoxtərəfli və ikitərəfli təşkilatlar, BMT agentlikləri təmsil olunmaqdadır.

ÖƏK üzvləri aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

      • ÖƏK iclaslarında iştirak etmək, yaxud iştirak etmənin mümkünsüzlüyü halında, əvəzedici üzvlərin iştirakını təmin etmək;
  • ÖƏK funksiyalarının həyata keçirilməsində iştirak etmək;
  • öz sektorların maraqlarını təmsil etmək və onlara hesabat vermək;
  • ÖƏK-də yaradılan işçi qrup və komitələrə üzv olmaq;
  • ÖƏK Katibliyi ilə əməkdaşlıq etmək;
  • Maraqlar Toqquşmasının Qarşısının Alınması Siyasəti və Prosedurları ilə tanış olmaq, maraqlar toqquşması mövcudluğunun qəbul edilməsi barədə bəyanatı doldurmaq (yeni üzvlər ÖƏK-ə üzv qəbul olunduqdan sonra  Maraqlar Toqquşmasının Qarşısının Alınması və Prosedurlarının qəbul edilməsi barədə bəyanatı doldurmalıdırlar) və hər hansı bir maraqlar toqquşması halını bildirmək.

 

ÖƏK-in əvəzedici üzvləri

  • ÖƏK üzvlərindən hər birini seçərkən/səlahiyyət verərkən onu seçən/səlahiyyət verən təşkilat və ya sektor ÖƏK-in əvəzedici üzvünü (əvəzedici) də seçir.
  • Əvəzedici üzv ÖƏK üzvü olmadıqda həmin üzvünün təmsil etdiyi sektoru və y təşkilatı təmsil edir və ÖƏK-in fəaliyyətində iştirak edir.
  • ÖƏK üzvünü əvəz edərkən, əvəzediciyə əvəz etdiyi şəxsin ÖƏK çərçivəsindəki səlahiyyətləri verilir.
  • Sədr və Sədr müavini vəzifələrinə seçilən ÖƏK üzvlərinin əvəzediciləri öz təşkilatlarının maraqlarını təmsil etməyi davam etdirə bilərlər. Lakin onlar Sədr və Sədr müavinlərini vəzifələrinin icrası zamanı əvəz edə bilməzlər.

 

ÖƏK-in Strukturu

ÖƏK-in strukturu İdarə heyətindən, İİV/QİÇS, Vərəm və QAVİ Alyansının dəstəyi ilə həyata keçirilən layihələr üzrə üç Texniki İşci Qrupundan və Nəzarət Komitəsindən ibarətdir. ÖƏK əlavə komitələr yaratmaq və ya mövcud olanların adlarını və funksiyalarını dəyişmək hüququna malikdir. Yeni komitələrin yaradılması üçün prosedurlar ÖƏK-in İdarəetmə Təlimatında təsvir olunmuşdur. Bundan əlavə, zərurət olduqda, ÖƏK kənardan mütəxəssislərin cəlb olunduğu işci qruplar təsis etmək hüququna malikdir (yəni qeyri-üzvlər).

ÖƏK-in İdarə Heyəti

ÖƏK-in İdarə heyəti ÖƏK Sədri, Sədr Müavini və üç Texniki İşci Qruplarının koordinatorlarından ibarətdir.

 

           ÖƏK iclasları

ÖƏK ildə 4 dəfədən az olmayaraq iclas keçirir. Zərurət halında, Sədr və Sədr Müavini əlavə iclas çağıra bilərlər. Əlavə iclaslar eyni zamanda ÖƏK üzvlərinin üçdə birinin təşəbbüsü ilə də çağırıla bilər.

 İşci qruplarının və komitələrin iclasları planlaşdırılmış cədvələ əsasən və ya zərurət olduqda keçirilir. Nəzarət Komitəsinin iclası hər rübdə bir dəfədən az olmamaq şərti ilə keçirilir.

ÖƏK iclaslarında qərarlar yekdilliklə qəbul edilir. Yekdillik əldə edilə bilmədiyi halda, qərarlar yetərsay olduqda səs vermə yolu ilə qəbul edilir. ÖƏK üzvlərinin üçdə ikisinin iştirakı yetərsayı təşkil edir.Yetərsay qaydaları iclaslarda əsas üzvlərin əvəzinə əvəzedicilərin olması halına da şamil edilir. ÖƏK qərarları əl qaldırmaqla səsvermə yolu ilə qəbul edilir. (o halda qərar qəbul edilmiş hesab edilir ki, iclaslarda iştirak edən və səs vermə hüququna sahib olan iştirakçıların yarısından çoxu səs vermiş olsun; Sədr həlledici səs hüququna sahibdir.) MT-nın Qarşısının Alınması Siyasəti və Prosedurları sənədində təsvir olunmuş istisna hallarda ÖƏK gizli səsvermə yolu ilə seçki keçirə bilər. Səsvermənin nəticələri protokolda qeyd olunur və ÖƏK-in bütün üzvlərinə göndərilir.